03:47 04 Dekabr 2016
Canlı yayım
Çimərlik

FHN: Xilasedicilərə problemi xaricilər deyil, azərbaycanlılar yaradır

azxeber.com
AZƏRBAYCAN
Qısa URL
42 0 0

FHN Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mansur Piriyev: Soydaşlarımız xilasedicilərin tövsiyyələrinə qulaq asmır, qadağanedici lövhələrə məhəl qoymurlar.

BAKI, 23 iyun — Spuntik. Çimərlik mövsümünün açılışı insanlarda istirahət etmək və özlərini sərinləşdirmək baxımından əvəzsiz bir imkan olsa da, digər tərəfdən çimərliklər insanların can alması və  bədbəxt hadisələr baxımından risqli və təhlükəli bir məkandır. 

Azərbaycanda artıq iyun ayının 1-dən rəsmi olaraq  çimərlik mövsümü açılıb və son günlərdəki isti hava şəraitində insanların sərinləşmək üçün üz tutduğu əsas yerlərdən də biri çimərliklərdir. 

Sputnik olaraq vətəndaşların çimərliklərə üz tutması və burada bədbəxt hadisələrlə qarşılaşmaması, həmçinin belə bir hadisə baş verəcəyi təqdirdə aidiyyatı dövlət qurumlarının çimərlik sezonuna hazırlıq məsələlərini öyrənməyə çalışdıq.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mansur Piriyev Sputnik-ə açıqlamasında bildirdi ki, çimərlik sezonu iyunun 1-də başlasa da, artıq iyunun 22-dək 4 nəfər batıb, 22 nəfər isə xilas edilib. 

O qeyd etdi ki, havaların isti keçməsi ilə əlaqədar çimərliklərə vətəndaşların axını müşahidə edilir: “Hazırda çimərliklərə axın çoxdur. Xüsusən də Avropa Oyunları ilə bağlı ölkəmizdə kifayət qədər turist var, həmçinin yerli idmançılarımız da istirahətə gəlirlər. Onlar əsasən, günün axşam saatlarında çimərliklərə üz tuturlar. Bu səbəbdən bütün çimərliklərdə ingilis dilində lövhələr quraşdırılıb, beynəlxalq işarələrdən istifadə edilib. “

Piriyev bildirdi ki, xilasedicilərin xarici turistlərlə bağlı hər hansı problemi olmayıb. 

“Onlar başa düşmədikləri məsələ ilə bağlı yaxınlaşıb əməkdaşlarımızdan kömək istəyiblər və biz də onlara lazımı yardımı göstərmişik”, — deyə Piriyev vurğulayıb.

Piriyev deyib ki, problemi xarici turistlər deyil, əsasən Azərbaycan vətəndaşları yaradır: “Belə ki, soydaşlarımız xilasedicilərin tövsiyyələrinə qulaq asmır, qadağanedici lövhələrə məhəl qoymurlar. Bunun nəticəsi olaraq  çimərlik mövsümünü başladığı 3 həftə ərzində 4 nəfər qadağan olunmuş su hövzələrində batıb. Halbuki, həmin ərazi çimərlik sayılmır.” 

FHN təmsilçisinin sözlərinə görə, çimərlik ərazisində suda batma faktı qeydə alınmayıb:  ”Ancaq rəsmi çimərlik ərazilərində də suda batma halları baş verib və həmin şəxslər xilasedicilərimizin dərhal müdaxiləsi nəticəsində xilas olunublar. 22 belə hal olub.”

Piriyev onu da əlavə etdi ki, bu şəxslərin əksəriyyəti spirtli içki qəbul edərək suya girənlər, azyaşlı uşaqlar, hava qaraldıqdan sonra, küləkli hava şəraitində suya girənlər olub.

O qeyd edib ki, Dövlət Sulardan Xilasetmə Xidmətinin həm paytaxtda, həm də regionlardakı məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir:  “Hazırda Dövlət Sulardan Xilasetmə Xidmətinin 42 yerli struktur bölməsi gücləndirilmiş iş rejimində çalışır. Xilasedicilər həm sahil zolağında, həm də suyun içərisində səhər saat 09:00-da axşam saat 21:00-a qədər çimərliklərdə təyin olunmuş xətt üzrə xilasetmə texnikası ilə vəziyyətə nəzarət edirlər.

Əməkdaşlarımız vətəndaşların qadağan olunan ərazilərdə çimməyin təhlükəli olmasına dair maarfiləndirmə işləri aparırlar”.

Xilasedicilər valideynlərdən də şikayətçidir. 

Piriyevin sözlərinə görə, dənizdə boğulan uşaqlar arasında valideyn nəzarətindən kənarda qalanlar çoxluq təşkil edir: "Valideynlər uşaqları nəzarətsiz qoymamalıdır. Bəzən olur ki, valideynlərin başı özlərinə qarışır, uşaqların hara getdiyinə fikir vermirlər. Çimərlikdə xüsusi lövhələr var. Təhlükəli yerlər, üzmək yerləri və s. göstərilir. Bəzən elə olur ki, valideynlər və cavan adamlar nəinki buna əməl etmir, həm də nəzarətçilərin xəbərdarlığına fərqli reaksiya verirlər".

Qeyri-çimərlik sahələrində baş verən hadisələrin qarşısını almaq üçün xidmət bir sıra qurumlarla əməkdaşlığa başlayıb. Piriyev bildirib ki, son illər yerli icra orqanları ilə aparılan işlər nəticəsində qeyri-çimərlik ərazilərində nəzarət gücləndirilib.

Onun sözlərinə görə, Dövlət Sularda Xilasetmə Xidmətinin bir neçə tələb və qadağası da var: "Qadağan olunmuş yerlərdə çimmək, çimərliklərdə spirtli içki içmək, sərxoş halda suya girmək, uşaqları nəzarətsiz buraxmaq, dənizdə xüsusi işarələnmiş həddi keçmək, texnikaya yaxınlaşmaq, balıq ovlamaq, qaranlıq vaxtı suya girmək olmaz. Ola bilsin ki, gələcəkdə bu qadağalara əməl etməyən adamlar cərimələnsin. Çimərliklərin istismar qaydalarının hazırlanması nəzərdə tutulur. Xilasedicilərə tabe olmayan, üzmə sərhədlərini keçənlər cərimələnə bilər”.

Piriyev əlavə edib ki, bu mövsüm xidmət 400-dən artıq şəxsi heyəti və 200-ə yaxın xilasetmə texnika və avadanlıqları ilə baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir.

FHN rəsmisi sonda onu da əlavə etdi ki, FHN-nin nəzarətində olan çimərliklərdə 3 il ərzində 1 dəfə də olsun suda batma faktı qeydə alınmayıb: “Belə hadisələr əsasən qeyri-çimərlik ərazilərində və əyləncə mərkəzlərində baş verir. Ötən il ölkənin qeyri-çimərlik sahələrində 55 nəfər ölüb, 265 nəfərin həyatı isə xilas edilib. Batanlar da qanunsuz fəaliyyətdə olan çimərliklərdə baş verib.”

Əsas mövzular