14:31 07 Dekabr 2016
Canlı yayım
Hökumət evi

Nazirlik: Kamança Azərbaycanın musiqi aləti kimi qeydiyyatdan keçib

wikimedia.org
AZƏRBAYCAN
Qısa URL
7710

Mədəniyyət və turizm nazirlyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə: İranın kamançanın YUNESKO-nun siyahısına salınması ilə bağlı təqdimatı hələ o anlama gəlmir ki, bu mədəni element ancaq o xalqa məxsusdur.

BAKI, 22 iyun — Sputnik. YUNESKO-nun qeyri-maddi — mədəni irsi konvensiyasının şərtlərinə əsasən əgər hər hansı bir ölkədə hansısa bir elementi orada yaşayan bir icma və ya qrup istifadə edirsə, o zaman elementi qurumun siyahısına saldırmaq hüququ var.

Bunu Sputnik-ə açıqlamasında Mədəniyyət və turizm nazirlyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə İran tərəfinin kamançanın fars milli musiqi aləti kimi YUNESKO-nun siyahısına  təqdim etməsinə mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, İranın kamançanın YUNESKO-nun siyahısına salınması ilə bağlı təqdimatı hələ o anlama gəlmir ki, bu mədəni element ancaq o xalqa məxsusdur: “Necə ki, biz zamanında tarı milli musiqi aləti kimi YUNESKO-ya təqdim edərkən bildirdik ki, İran da tarı bu təşkilata təqdim edə bilər.”

Kamançaya gəldikdə Eyvazzadə bildirdi ki, muğam Azərbaycanın mədəni irsi kimi qeydiyyatdan keçib və orada muğam bütövlükdə təqdim edildiyindən kamança da, bu elementin tərkib hissəsi kimi qeydə alınıb. 

“O dövrdə müzakirələr zamanı ekspertlər bildirdilər ki, muğamı kamançasız təsvir etmək mümkün deyil. Bu baxımdan da İran tərəfi kamançanı YUNESKO-da özlərinin mədəni irsinin elementi kimi qeydiyyata saldırmaq istəyirsə, bu o anlama gəlmir ki, bu element Azərbaycanda yoxdur. Çünki konvensiyanın tələblərinə uyğun olaraq deyə bilərik ki, bir mədəni element heç də bir xalqa və ölkəyə mənsub olmaya bilər. O baxımdan burada problem yoxdur. Biz çalışarıq gələckdə bu aləti çoxmillətli element kimi YUNESKO-nun siyahısına salaq. İndiki mərhələdə biz də öz elemenlərimizi YUNESKO-ya təqdim edirik”,  deyə Eyvazzadə vurğuladı.

Eyvazzadə onu da əlavə etdi ki, bütün məsələlər konvensiyanın tələblərinə uyğun olmalıdır və İran tərəfinin də konvensiyanın müddəalarına uyğun hərəkət edəcəklərinə ümid edir.

Nazirlik təmsilçisi bildirdi ki, indiki mərhələdə heç kim məsələyə müdaxilə edib nəsə mövqe bildirə bilməz: “İndiki məqamda bu işlə ancaq ekspertlər məşğuldur və proses sentyabr ayınadək davam edəcək. Onda ekspertlər məsələ ilə bağlı rəyini açıqlayacaq və ancaq ondan sonra Azərbaycan məsələyə mövqeyini bildirəcək. Əgər dediyiniz məsələ konvensiyanın tələblərinə uyğun olmazsa, o zaman mövqeyimizi ortaya qoyacağıq. İndiki mərhələdə isə bu mümkün deyil. Çünki hələ nə baş verdiyindən heç kim məlumatlı deyil.”

İran kamançanı öz musiqi aləti kimi YUNESKO-da qeydiyyatdan keçirməyə hazırlaşır. Artıq müvafiq sənədlər YUNESKO-ya təqdim edilib.

İranın Mədəni irs, sənətkarlıq və turizm təşkilatının nümayəndəsi Bəhruz Vəcdani kamançanın ənənəvi fars musiqi aləti olduğunu deyib.

Vəcdaninin sözlərinə görə, İran tərəfinin ləngiməsi tarın Azərbaycan musiqi aləti kimi qeydiyyatdan keçməsinə səbəb olub.

Əsas mövzular