23:18 09 Dekabr 2016
Canlı yayım
kitab oxuyan polis

Yol polislərinə lüğət paylanıb

© Flickr/
AZƏRBAYCAN
Qısa URL
16 0 0

Məqsəd DYP əməkdaşlarının İlk Avropa Oyunlarında iştirak edən xarici vətəndaşlarla rahat şəkildə ünsiyyət qura bilməsini təmin etməkdir.

BAKI, 12 iyun – Sputnik. Jurnalistika və İnkişaf Mərkəzi Bakıda 700 Dövlət Yol Polisi (DYP) əməkdaşına Azərbaycan-İngilis dilində sadə lüğət kitabı paylayıb. Bu barədə məlumatı Sputnik-ə «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyinin sədri, avtosfer saytının baş redaktoru Elməddin Muradlı verib. O, deyib ki, bu addım Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən «Yol polisi-sürücü münasibətlərinin araşdırılması, problemlər və perspektivlərin müəyyənləşdirilməsi, qanunların təbliği» adlı layihə çərçivəsində atılıb. 

Layihənin ilkin mərhələsində nəzərdə tutulan lüğət kitabçası sırf yol polislərinə aiddir. Burada məqsəd odur ki, DYP əməkdaşları ölkəmizdə keçirilən İlk Avropa Oyunlarında iştirak edən xarici vətəndaşlarla rahat şəkildə ünsiyyət qura bilsinlər. «Bu kitabçada yol polislərinə aid terminlər çoxdur. Məsələn, yol polisi özünü necə təqdim etməlidir, istiqaməti necə başa salmalıdır, xarici vətəndaş tərəfindən törədilən inzibati xətanı necə izah etməlidir və s. məqamları rahatlıqla izah etmək mümkündür. Çünki cümlələr tam şəkildə yazılıb və qarşısında da tərcüməsi qeyd olunub. Rütbələr, aylar, günlər, vaxt və digər məsələlərlə bağlı bilgilər də var. Ümumiyyətlə, bu kitabça vasitəsilə bir az savadı olan istənilən şəxs ingilis dilini bilən şəxslə rahatlıqla ünsiyyət qura bilər. Biz layihədə 300 kitabça nəzərdə tutulmasına baxmayaraq, öz imkanlarımız daxilində 500 ədəd çap etdirdik. Lakin sonradan məlum oldu ki, Bakı şəhərinə Avropa Oyunları ilə bağlı bölgələrdən də yol polisi əməkdaşları cəlb olunub. Bu üzdən, əlavə olaraq 200 ədəd də çap etdirməli olduq. Artıq kitabçaların hamısı şəxsən mənim və təşkilat üzvlərənin iştirakı ilə yol polisi əməkdaşlarına paylanılıb. Yol polisləri bu işimizi çox bəyəndilər» — deyə Muradlı bildirib.

QHT sədri son günlər Bakıda apardıqları müşahidələrə əsasən yol polislərinin bu kitabçaya maraqla yanaşdığını deyib: «Özüm yaxınlaşıb soruşuram, məlum olur ki, kitabçanı maşında gəzdirirlər, bəzi əməkdaşlar 5-10 dəqiqə boş vaxt tapan kimi açıb oxuyurlar. Ümid edirik ki, bu kitabça yol polisi əməkdaşları üçün faydalı olacaq. Əsas odur ki, onların da öyrənməyə marağı və həvəsi olsun. Düşünürük ki, gələcəkdə yol polislərinin xarici dilləri daha dərindən öyrənməsi üçün geniş və davamlı layihələrə ehtiyac var».


Əsas mövzular