Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakını yaxın günlərdə dəhşətli tıxaclar gözləyir - Ekspert həyəcan təbili çaldı

© Sputnik / Murad OrujovBakıda avtomobil tıxacı
Bakıda avtomobil tıxacı - Sputnik Azərbaycan, 1920, 07.09.2023
Abunə olmaq
Ərşad Hüseynovun sözlərinə görə, fərdi avtomobillər və taksilər dərslər başlayan kimi şəhərə cumacaqlar, nəticədə ciddi tıxaclar olacaq.
BAKI, 7 sentyabr — Sputnik. "Sentyabrın 15-i təkcə yeni tədris ilinin deyil, həm də şərti olaraq yeni tıxac mövsümünün də başlanğıcı sayıla bilər".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert, hüquqşunas Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, yollarda tıxacların yaranmasını stimullaşdıran əsas amillərdən biri məskunlaşma ilə bağlıdır.
"Bakı ətrafında bəzi yaşayış massivləri bir az da sıxlaşıb, rayonlardan paytaxta gələnlər isə artıb. Xarici ölkələrdən vətənə qayıdanlar da çoxdur. Eyni zamanda əsas iş yerləri şəhərin mərkəzindədir. Periferiyalarda məktəb çatışmazlığı daha da qabarıq görünəcək. Deməli, şəhərin giriş yollarında hərəkət intensivliyi artacaq" - deyə ekspert bildirib.
Ə.Hüseynov onu da əlavə edib ki, son bir ildə ölkəyə 70-80 min minik avtomobili gətirilib. Onların da əksəriyyəti Bakı və Abşeron aqlomerasiyasındadır. Bu da küçələrə çıxacaq avtomobillərin sayını artırır.
"Bakı Metropolitenində son bir ildə cəmi 1 stansiya – "Xocəsən" metrostansiyası istifadəyə verildi. Onun ümumi sərnişin axınına ciddi təsiri gözlənilmir. Bakının və aqlomerasiyanın digər məntəqələrinin avtobus marşrutlarında isə geriləmə müşahidə edilir. Diqqət etsəniz, yollarda avtobusların azaldığını aydın şəkildə görə bilərsiniz. Bu, yəqin ki, avtobus parkının daha bir il köhnəlməsi, yeni avtobusların gətirilməməsi, mövcudların isə saz vəziyyətdə istismarının çətinlikləri ilə bağlıdır. Hər bir halda avtobus parkının vəziyyəti, onun perspektivi indiki durumda kifayət qədər bərbaddır. Eyni zamanda son bir ildə aqlomerasiyanın küçə-yol şəbəkəsində ciddi bir yenilik baş verməyib" - ekspert deyib.
Ə.Hüseynovun fikrincə bəzi parklanma yerlərində ödənişlərin tətbiqi Bakının mərkəzi hissəsində parklanmaların idarə edilməsində tədricən irəliləyişə səbəb olmaqdadır. Parklanmaların düzgün təşkili, idarə edilməsi və zəruri nəzarət olsa, bəzi yerlərdə qanunsuz parklanmadan irəli gələn sıxlıq və tıxaclar azala bilər.
"Qeyd edilənlər o deməkdir ki, bu il də aqlomerasiyada əsas mobillik vasitələrimiz fərdi avtomobillər və taksilər olmaqda davam edəcək. Bu isə pessimistcəsinə onu deməyə əsas verir ki, bu il daha ciddi tıxaclara şahid olacağıq. Təəssüf ki, illərdir, bu məsələlərə yetərincə diqqət ayrılmır. Bu il Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında sərəncam oldu. Amma hələlik bu Şuradan xəbər yoxdur (əsasnaməsi də təsdiq edilməyib). Amma gecikirik, çox gecikmişik. Ölkədə mobillik məsələsinə yenidən baxılmasa, bu sahəyə dövlət tərəfindən ciddi yatırım edilməsə, yığılıb qalan məsələlərin həlli ilə ciddi məşğul olunmasa, hər növbəti il daha pis mənzərəyə şahid olmaqda davam edəcəyik" - deyə ekspert həyəcan təbili çalıb.
Xəbər lenti
0