QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Zəngilan və Cəbrayılda itkin düşənlərin qalıqlarının tapılmasına dair tədqiqat aparılacaq

© Sputnik / Murad OrujovKütləvi məzarlıq, arxiv şəkli
Kütləvi məzarlıq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.05.2023
Abunə olmaq
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi deyib ki, mayın 3-dən 17-dək aparılan tədqiqat işləri çərçivəsində Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində aşkar edilmiş skeletlər üzərində laborator analizlər aparılır.
BAKI, 24 may — Sputnik. "Zəngilan və Cəbrayıl istiqamətində itkin düşmüş şəxslərin qalıqlarının tapılması istiqamətində tədqiqat işləri həyata keçiriləcək".
Bunu jurnalistlərə açıqlamasında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi Akif Quliyev deyib.
O bildirib ki, hazırda mayın 3-dən 17-dək aparılan tədqiqat işləri çərçivəsində Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində aşkar edilmiş skeletlər üzərində laborator analizlər aparılır:

"Bildiyiniz kimi, 4 minə yaxın itkin düşən şəxs var və 15 min insandan analiz götürülüb. Həmin analizlərə əsasən aşkarlanan sümüklər uyğunlaşdırılır. Hazırda mina təhlükəsi ilə əlaqədar təmizləmə işləri aparılır. İşlər bitdikdən sonra iyunda tədqiqatlarımıza davam edəcəyik. Yenidən Füzulidə, daha sonra isə Cəbrayıl və Zəngilan istiqamətində axtarışlar aparılacaq".

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tibbi Kriminalistika şöbəsinin rəisi Nuranə Hüseynova jurnalistlərə açıqlamasında deyib ki, hazırda Xocavənd rayonunun Edilli, Füzuli rayonun Yuxarı Əhmədbəyli kəndləri ərazisində tapılan sümük qalıqları ilə bağlı müayinələr aparılır. Edilli ərazisindən tapılan sümük qalıqlarının kriminalistik müayinəsi bitmək üzrədir.
O bildirib ki, həmin sümük qalıqlarının kriminalistik müayinəsi zamanı torpaqda qalma müddəti müəyyən ediləcək və ultrabənövşəyi şüalardan istifadə olunacaq:

"Daha sonra DNT nümunələri götürülərək müvafiq şəkildə təqdim ediləcək. Qarşımızda duran vacib məsələlərdən biri onların şəxsiyyətinin müəyyənləşdirilməsi və yaxın qohumlarına təhvil verilməsidir".

Xatırladaq ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib.
2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0